Azərbaycan Avropa Hərəkatının rəsmi vebsaytı

“İlin səfirliyi” seçildi “Azərbaycanlılar ən çox hara gedir?”

24 Dekabr 2016

23 dekabr saat 14:00-da “Park İnn” otelinin Füzuli zalında Azərbaycan Avropa Hərəkatının təşkilatçılığı ilə tədbir baş tutdu. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, səfirlik təmsilçilərinin, ictimai xadimlərin, dövlət məmurlarının qatıldığı konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Avropa Hərəkatının birgə layihəsi çərçivəsində hazırlanan “Azərbaycanı dünyada necə tanıdaq?” adlı jurnal və saytın təqdimatı keçirildi. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı bu ilki fəaliyyətləri barədə hesabat verib: “2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ”Diqqət Azərbaycana!” və ”Azərbaycanı dünyada necə tanıtmalı?” layihələrinə start verdik. Layihə çərçivəsində fevral ayında Fransa Respublikasının Xarici İşlər Nazirliyinin dəvəti ilə işgüzar səfərdə olduq. May ayında Haaqa şəhərində Niderland Krallığının Xarici İşlər Naziri ilə Avropa Birliyi – Azərbaycan münasibətlərini müzakirə etdik. Ölkəmizi Avropada daha necə tanıda bilərik mövzusu haqda maraqlı fikir mübadiləsi apardıq. Bundan başqa oktyabr ayında Azərbaycanın müstəqillik günü münasibəti ilə təşkil olunan tədbirə qatılmaq üçün ABŞ-ın Nyu – York şəhərinə getdik. Noyabr ayında isə Avropa Parlamentində keçirilən ”Avropanın gələcəyi” adlı Beynəlxalq Avropa Hərəkatının illik konfransına qatıldıq”.

Tədbirin ikinci hissəsində hərəkat tərəfindən seçilmiş “2016-cı illin səfirliyi” mükafatı Fransanın Azərbaycandakı səfirliyinə verilib. Mükafatı səfirliyin Siyasi İşlər üzrə Müşaviri xanım Strub Camilleyə Hərəkatın Beynəlxalq məsəllər üzrə Katibi Orxan Nəbiyev təqdim edib. Xanım Camille çıxışında Azərbaycan-Fransa münasibətlərinin inkişafı üçün bu kimi tədbirlərin vacibliyini vurğulayıb.

Daha sonra bu il Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi Avropa ölkəsi – Macarıstan mükafatlandırılıb. Macarıstanın Azərbaycandakı səfiri cənab İmre Lastoskiyə mükafatı Hərəkatın İctimai Məsəslələr üzrə Katibi Şəfəq Əsgərova təqdim edib. Səfir çıxışında Azərbaycan Prezidentinin gələn il Macarıstana səfər edəcəyini deyərək ölkələrarası sıx əməkdaşlıqdan danışdı: “Turistlərin bizim ölkəyə çox getməsinin səbəbi zəngin mətbəx və gözəl təbiətimizin olmasıdı”.

Tədbirdə Azərbaycan Avropa Hərəkatı tərəfindən yaradılan euromove.az saytının da tanıtımı olub. Hərəkatın İdarə Heyətinin üzvü, “OUR Technology” şirkətinin drektoru Orxan Quliyev sayt haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. O saytın hazırlanması zamanı məlumatlara daha asan çatmağı əsas aldıqların dedi.

“Azərbaycanı dünyada necə tanıdaq?” adlı jurnal barədə isə şair Şəhriyar del Geranı məlumat verib. O, jurnalın və keçirilən təlimlərin ölkəmiz üçün faydasından söz açıb: “Azərbaycan üçün Məktəb” yaradıldı, peşəkar müəlliflərin yardımı ilə jurnal ərsəyə gəldi. Təlimlər zamanı 20- dən çox gəncə ölkəmizi tanıtmağın doğru bildiyimiz üsullarından danışdıq və beləliklə bu qısa zaman ərzində 20 kadr hazırlaya bildik”.

Qeyd edək ki, 2012-ci ildə təsis edilən “İlin səfirliyi” mükafatını daha öncə Almaniya (2012), ABŞ (2013), Böyük Britaniya (2014), Avropa Birliyi (2015) alıb.

Last modified: 24 Dekabr 2016

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir