Azərbaycan Avropa Hərəkatının rəsmi vebsaytı

Fəaliyyət proqramı

Azərbaycan Avropa Hərəkatı

FƏALİYYƏT PROQRAMI

Azərbaycan Avropa Hərəkatının fəaliyyət proqramının hazırlanmasında Beynəlxalq Avropa Hərəkatının, onun Avropanın digər ölkələrində fəaliyyət göstərən Milli Şuralarının təcürbəsindən, həmçinin Azərbaycanda fəaliyyət göstərən Avropa ölkələrinin səfirlərinin (İsveçrə, Hollandiya, Polşa, Latviya, İsveç, Belarusiya, Avstriya, Almaniya…) və beynəlxaq təşkilatların (ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digərləri) nümayəndələrinin tövsiyələrindən istifadə edilib.

 

Azərbaycan Avropa Hərəkatı

 

1              Giriş

2              Qanunla Müəyyən Olunmuş Fəaliyyətlər      

2.1           İdarə Heyətinin görüşləri 

2.2           Ümumi Yığıncağın görüşləri      

3              Şəbəkə Quruculuğu və Təşkilati İmkanların Genişləndirilməsi üzrə  fəaliyyətlər

4              Komitələrin Fəaliyyətləri

4.1           Beynəlxalq təşkilatların təcrübəsinin öyrənilməsi komitəsi

4.2           Genişlənmə və qonşuluq komitəsi

4.3           İnsan haqları və demokratiya komitəsi

4.4           Təhsil və mədəniyyət komitəsi

4.4.1        9 may – Avropa Günü 2012

4.5           Ekologiya və ətraf mühitin qorunması komitəsi

4.6           İnteqrasiya komitəsi

5.             Son

1. Giriş

Beynəlxalq Avropa Hərəkatının Azərbaycanda yerli nümayəndəliyinin  yaranması ideyasını 2004-cü ildə Estoniyadan olan həmkarlar irəli sürdülər. Bu təşəbbüsə müxtəlif dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən şəxslər qoşulsa da, təşəbbüs üzrə sistemli fəaliyyətə yalnız 2007-ci ildə başlanıldı. Bu zaman müddətində müxtəlif tədbirlər keçirilməsinə baxmayaraq, Azərbaycan Avropa Hərəkatının (AAH) ilk Təsis Konqresi 2012-ci il fevral ayının 17-də keçirildi. Konqresdə Ramin Hacılı Azərbaycan Avropa Hərəkatının prezidenti,  Xalisə Şahverdi, Emin Aslan, Pərviz Abbasov, Gülsel Səfərova, Mirhəsən Seyidov, Elnarə Qəribova, Qüdsiyyə Məmmədova, Orxan Əkbərov, Fariz Əhmədov, Cavid İsmayılov, Vüqar Əhmədov, Leyla Aslanova isə İdarə Heyətinin (İH) üzvləri seçildilər. Nizamnamə səs çoxlu ilə qəbul edildi.

AAH –nın 20 fevral 2012-ci ildə keçirdiyi ilk İdarə Heyəti toplantısında İdarə Heyəti Hərəkatın Prezidentinin təqdimatı ilə Hərəkatın dörd Vitse Prezidentini (Hikmət İsmayılov, Leyla Məmmədli, Mərdan Əfəndiyev və Sevinc Hacızadə), eləcə də Baş Katibini (Aysel Qayıbxanova) təyin etdi. Görüşdə AAH-nın fəaliyyət programının hazırlanması üçün işçi qrup yaradıldı.

4 mart 2012-ci ildə İH-nin 2-ci görüşündə aşağıdakılar qərara alındı:

  • AAH-nın BAH-na tamhüquqlu üzv olması üçün lazımi işlərin görülməsi Ramin Hacılı və Aysel Qayıbxanovaya tapşırılsın,
  • Baş katibin təqdimatı əsasında mərkəzi aparatın işçiləri təsdiqlənsin,
  • Hərəkata 3 Fəxri Prezident seçilsin.
  • 17 martda AAH-ı geniş ictimaiyyətə tam tərkibdə və fəaliyyət proqramı ilə birlikdə təqdim edilsin.

17 mart 2012-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində AAH-nın fəaliyyət proqramı geniş ictimaiyyətə təqdim edildi.

Azərbaycan Avropa Hərəkatı qeyri-kommersiya təşkilatıdır və onun əsas məqsədi Azərbaycanın Avropaya inteqrasiyasını sülh, demokratiya, azadlıq, həmrəylik və insan haqlarına hörmət prinsipləri əsasında, öz üzv təşkilatları və şəxsləri ilə birlikdə dəstəkləməkdir. Bu cür üzvlük strukturu ölkənin Avropaya mədəni, siyasi, iqtisadi və ictimai sferalarda inteqrasiya prosesində inkluzivlik və müxtəliflikdə geniş ictimai iştirakçılığı təmin edən öncül bir platforma yaradacaq.

2012-ci il üçün Fəaliyyət Planında üç növ fəaliyyət nəzərdə tutulur: qanunla müəyyən edilmiş fəaliyyətlər (İdarə Heyəti görüşləri, Ümumi yığıncaq görüşləri); şəbəkə quruculuğu və təşkilati imkanların genişləndirilməsi ilə bağlı fəaliyyətlər və Hərəkatın komitələrinin ilkin layihələri.

AAH öz məqsədlərini həyata keçirmək üçün iki cərəyan: sivil dialoq vasitəsilə vətəndaş cəmiyyəti təşkilatlarının prosesə cəlb etmək və ümumi ictimaiyyətə istiqamətlənmiş fəaliyyətlər vasitəsilə vətəndaşların aktiv iştirakçılığını təşviq etmək arasında doğru balansı təmin etməyə çalışacaq.

Hərəkatın əsas hədəfi vətəndaşlar və qurumlar arasındakı rabitə boşluğunu genişləndirilmiş rabitə  strategiyası vasitəsilə, yəni bu iki qrup arasında vasitəçi rolunu oynayan vətəndaş cəmiyyətini (xüsusilə, AAH) prosesə cəlb edərək, daraltmaqdır.

Bunlar isə Avropa Komissiyasının vətəndaş cəmiyyəti təşkilatlarının konsultasiya proseslərinin şəffaflığı və keyfiyyətinin artırılmasına cəlb edilməsi, eləcə də Avropa məsələləri və siyasi müzakirələr üzrə ictimai məlumatlılığın artırılması ilə bağlı tələblərinə xüsusilə uyğundur.

2. Qanunla müəyyən edilmiş fəaliyyətlər 

2012-ci ildə Azərbaycan Avropa Hərəkatı Nizannaməyə uyğun olaraq ayda bir dəfə olmaqla Bakıda İdarə Heyətinin ən azı 10 göruşünü təşkil etməyi planlaşdırır.

2012-ci ilin noyabr ayında AAH Ümumi yığıncağını keçirəcək, 25-26 may 2012-ci ildə BAH-ın Brüsseldə keçiriləcək Federal Yığıncağında, 30 noyabr 2012-ci il tarixində isə Larnakada (Kipr) keçiriləcək BAH Milli Şuralarının toplantısında iştirak edəcək.

2.1. İdarə  Heyətinin görüşləri

Azərbaycan  Avropa Hərəkatının İdarə Heyəti 2012-ci il ərzində ayda bir dəfə görüşəcək. Bu görüşlərdə Prezident, İH-nin üzvləri, Vitse Przidentlər və Baş Katib, həmçinin yardımçı heyətin bir neçə üzvü iştirak edəcək.

2.2.Ümumi  Yığıncağın görüşləri

Ümumi Yığıncaq  2012-ci il ərzində Bakıda bir dəfə keçiriləcək. Noyabr ayında keçiriləcək yığınçaqda Prezident, İH-nin üzvləri, Vitse Przidentlər, Baş Katib,  Assosiativ üzvlər və Hərəkatın müxtəlif sturukturunda təmsil olunan şəxslər iştirak edəcək.

3. Şəbəkə Quruculuğu və Təşkilati İmkanların Gücləndirilməsi üzrə Fəaliyyətlər

AAH 2012-ci ildə yeni üzvlər toplamaq strategiyasının tətbiqini gücləndirməyi planlaşdırır. Bu planlar AAH-nın dəstək bazasının dərinləşdirilməsi və Hərəkatın Azərbaycan vətəndaş cəmiyyətinin müxtəlif sektorlarına daha çox nüfuz etməsinə istiqamətlənir. Bu məqsədi yerinə yetirmək üçün AAH vətəndaş cəmiyyəti təşkilatları kimi imkanlardan, xüsusilə, özünün Üzv Təşkilatları və Dəstəkləyici Üzvlərdən ibarət olan şəbəkəsindən istifadə edəcək. Cari ildə yeni potensial üzv təşkilatların cəlb edilməsi,hədəf qruplarının ehtiyaclarının qarşılanmasına yönəlik tədbirlər əsasında reallaşdırılacaq. Eyni zamanda, Hərəkat həmçinin üzv təşkilatlar arasında mütəmadi fikir mübadiləsi təşkil etməklə özünün təşkilati imkanlarının gücləndirilməsinə müstəsna diqqət ayıracaq.

AAH səkkiz qrup altında assosiativ üzvlər qəbul edəcək. Bu qrupların hər birinin öz müşaviri olacaq ki, o da müvafiq olaraq qrup daxili fəaliyyətləri, eləcə də digər qruplarla koordinasiyanı gücləndirəcək. Assosiativ qruplar aşağıdakılardır:

1.      İctimai Birliklər
2.      İqtisadi QHT-lər
3.      Gənclər Təşkilatları
4.      Mədəni Birliklər
5.      Qadın Birlikləri
6.      Sosial  QHT-lər
7.      Biznes Şirkətləri
8.      KİV
9.      Regional QHT-lər

AAH-nın əsas məqsədlərindən biri də vətəndaşlar, vətəndaş cəmiyyəti təşkilatları və müəssisələr arasında olan rabitə boşluğunu azaltmaqdır. Bu baxımdan, AAH  biznes şirkətləti,vətəndaş cəmiyyətinin partnyorları, yerli və beynəlxalq QHT-lər, Humanitar və Beynəlxalq Fondlar və media ilə daimi əlaqə saxlayaraq əməkdaşlığın inkişafı üçün çalışacaq. Eyni zamanda, AAH BAH-ın digər Milli Şuraları və Beynəlxalq Assosiasiyaları (xüsusilə, Brüsseldə yerləşənlər) ilə effektiv və məhsuldar rabitəni dərinləşdirəcəkdir.

Rabitə boşluğunun qarşısının alınmasında ən mütərəqqi beynəlxalq strategiyalardan istifadə olunacaq və bu da öz növbəsində üzv təşkilatlara göstəriləcək xidmətlərdən biri olacaqdır. AAH bu həmkar təşkilatlar arasında əlaqələri təmin etmək üçün mütəmadi olaraq fikir mübadilələri və birgə fəaliyyətlərin planlaşdırılması üzrə görüşlər keçirəcək, bu cür görüşlərə əlavə olaraq isə AAH milli və beynəlxalq təşkilatlarla Avropa məsələləri üzrə qısa brifinqlər də təşkil edəcək. Beynəlxalq təşkilatların, milli qurumların, biznes şirkətlərinin və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin bir araya gətirilməsində məqsəd onların Avropaya inteqrasiya prosesi üzrə çoxtərəfli fikir mübadiləsini reallaşdırmaq ,yeni ideyaların yaranması üçün münbit şərait yaratmaq, xüsusilə isə bu prosesdə vətəndaş cəmiyyətinin rolunu müzakirəsini təşviq etməkdir.

Bu fəaliyyətlər həm də Hərəkatın ictimai nüfuzunu yüksəldəcək, Avropa kontekstindəki rolunu da cəmiyyətə çatdıracaq və müxtəlif fəaliyyətlərin birgə müvəffəqiyyətli icrası məqsədilə AAH-nın bu həmkar təşkilatların resurslarından, eləcə də onların AAH vasitələrindən istifadə imkanlarını gücləndirəcəkdir.

Ümumiyyətlə, AAH-nın müsbət reputasiyasını sıx əməkdaşlıq, dialoq və mübadiləni prioritetləşdirməsi inşa edəcək.

Hərəkat BAH-ın cari ilin sentyabrından təşkil edəcəyi Təlim Akademiyasında Azərbaycan tələbələrini göndərməyi planlaşdırır.

Bundan əlavə, AAH öz fəaliyyətinə dair, o cümlədən, Avropa vətəndaş cəmiyyəti təcrübələrinin öyrənilməsi, Avropada İttifaqı müvafiq qurumları ilə münasibətlərin inkişaf etdirilməsi, özünü tanıtmaq və gələcək əməkdaşlıqları gücləndirmək məqsədlərilə Avropaya mütəmadi çalışma səfərləri də həyata keçirəcəkdir.

4.   Komitələrin Fəaliyyətləri

AAH-nın altı Komitəsinin fəaliyyətləri AAH məqsədləri istiqamətində görüləcək əsas işlərdir. Bu komitələr qanunla müəyyən edilmiş şəkildə fəaliyyət göstərəcək və bütün üzv assosiasiyalara açıq olacaq. Komitələrarası əməkdaşlıq əsasında, komanda işi ruhunda hər bir Komitə özünün məsul olduğu sahədə layihələr başlatmaqla mükəlləfdir. Onlar eyni zamanda, ’’9 may: Avropa Günü 2012’’ kimi ortaq layihələr üzrə Hərəkata üzv təşkilatlar, milli qurumlar və beynəlxalq təşkilatların ölkədəki nümayəndəlikləri ilə əməkdaşlığı təmin edəcəklər.

4.1. Bəynəlxalq təşkilatların təcürbəsinin öyrənilməsi komitəsi

AAH-ı  Azərbaycanda həm də beynəlxalq qurum kimi fəaliyyət göstərəcək. Bu səbəbdən də Hərəkatın beynəlxalq qurumların fəaliyyətinin öyrənməsi və öz fəaliyyətinə tətbiq etməsi üçün müvafiq komitə yaradıb. Komitə nəzəri bazanı yaratmaqla yanaşı, digər komitələrin fəaliyyətinə də istiqamət verəcək. Komitə həmçinin işçi heyəti üçün bu istiqamətdə biliklərin artırılmasına xidmət edən treyninq və seminarlar təşkil edəcək.

2012-ci ildə AAH-ı yerli və beynəlxalq təşkilatlarla Avropa məsələləri üzrə brifinqlər təşkil edəcək. Beynəlxalq və yerli müəssisələrin nümayəndələrini bir yerə gətirərək müzakirələr təşkil edəcək və vətəndaş cəmiyyətinin Azərbaycanın Avropaya inteqrasiyası prosesində rolunu müəyyənləşdirməyə çalışacaq.

4.2. Genişlənmə və qonşuluq komitəsi

AAH öz fəaliyyətini ölkə paytaxtı ilə məhdudlaşdırmayaraq regionlarda da fəaliyyətini gücləndirmək niyyətindədir.  Bunun üçün təşkilat əvvəlcə müxtəlif sosial sorğular, monitorinqlər, xüsusi sahə çalışmaları və digər vasitələrdən istifadə etməklə regional qiymətləndirmələr həyata keçirəcək və bu da öz növbəsində gələcəkdə AAH-nın hansı bölgədə necə fəaliyyət göstərəcəyini müəyyənləşdirəcək.  AAH gələcəkdə regionlarda aktiv fəaliyyət göstərmək üçün Genişlənmə və yaxın qonşuluq komitəsinin tezislərini əsas alacaq.

Genişlənmə və yaxın qonşuluq komitəsinin ikinci istiqaməti Azərbaycana qonşu olan ölkələrlə  münasibətlərin qurulmasıdır. 2012 ci ildə Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya, İran, Qazaxıstan, Pakistan, Ukrayna, Belarusiya, Moldova, İraq və Suriyada real əməkdaşlıq edilməsi mümkün olan təşkilatları müəyyənləşdirmək və onların partnyora çevrilməsi metodologiyasını hazırlanacaq.  Avropaya inteqrasiya prosesində yaxın qonşularla fikir alış-verişi və əməkdaşlıq sülhün inkişaf etdirilməsinə xidmət edən faktordur. Buna görə də AAH qonşu ölkələrdə partnyorların olmasında çox maraqlıdır.  AAH həm də əməkdaşlığın tezislərini özündə birləşdirən müvafiq memorandumlar hazırlayaraq bütün partnyorları ilə uyğun bəyannamələr imzalamağa çalışacaq.

4.3.İnsan Haqqları və Demokratiya Komitəsi

Avropanın əsas dəyərlərindən olan demokratiya və insan haqlarına hörmət prinsiplərini AAH özü üçün əsas prioritet hesab edir. Ona görə də komitənin əsas fəaliyyət kursu ölkədə demokratiya və insan haqlarının təşviqini dəstəkləyən müxtəlif proqramlar, layihələr və tədbirlər hazırlamaq olacaqdır. Bu işlərlə yanaşı,  geniş maarifləndirmə tədbirləri də nəzərdə tutulur ki, 2012-ci ildə Hərəkat insan haqları və demokratiya ilə bağlı müxtəlif təlimlər, konfranslar təşkil etmək, nəşrlər hazırlamaq və monitorinqlər keçirmək niyyətindədir.

4.4.  Təhsil və mədəniyyət komitəsi

2012-ci il AAH-nın təhsil və mədəniyyət sahəsində ən böyük layihəsinin reallaşdırılmağa başlanması baxımından əlamətdar olacaqdır. Belə ki, 2012-ci ildə AAH “Avropa Evi: Avropa Mədəniyyət və İnformasiya Mərkəzi”ni yaratmağı planlaşdırır. Bu mərkəz Azərbaycan cəmiyyətini Avropa İttifaqı, Şərq Tərəfdaşlığı proqramı, Avropa ölkələri, Avropa dəyərləri və digər əlaqəli məsələlər haqqında informasiya və ona ödənişsiz çıxışı təmin edəcək ,ümumi əhalinin Avropa və Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı məlumatlılığının artırılmasına xidmət edəcək. Bununla yanaşı, Mərkəzdə kitabxana və etüd otağı, eləcə də tədbirlərin keçirilməsi üçün konfrans zalı da olacaq.

’’Eurovision’’ Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsi bu kontekstdə Azərbaycanda aktuallaşan Avropa diskursunu inkişaf etdirməyi də tələb edir. Bu baxımdan, AAH çalışacaq ki, Eurovison ərəfəsində və sonrasında Avropa mədəniyyəti ilə bağlı öz fəaliyyət sahəsinə aid olan müxtəlif tədbirlər keçirsin.

Digər tərəfdən, təhsil haqqında qanun layihəsinin parlamentin gündəliyində olması da komitənin diqqətindədir. Qanun layihəsi ilə bağlı müzakirələr kontekstində ictimai müzakirələrin təşkil edilməsi üçün AAH üç konfrans keçirərək öz təkliflərini hazırlamaq niyyətindədir. Həmin təkliflər parlamentə və əlaqədar qurumlara təqdim olunacaq.

4.4.1    9 May – Avropa Günü 2012

9 may bütün postsovet ölkələrində olduğu kimi Azərbaycanda da qələbə günü kimi qeyd olunur. Lakin 9 may 2012-ci ildən başlayaraq AAH bu günün ölkədə Avropa Günü kimi qeyd olunmasına strart verəcək. Ölkədə bu ənənənin başlanmasına yaxşı şərait yaratmaq məqsədilə,  2012-ci ilin 9 mayında AAH paytaxt şəhərin mərkəzində ’’Avropalı Gəzintisi’’ adlı yürüş təşkil edəcək. Bundan əlavə, 2012-ci il ’’Avropada Aktiv Yaşlanma və Nəsillər arasında Həmrəylik’’ ili kimi qeyd olunduğuna görə, Hərəkat bu təşəbbüsü yürüşdə dəstəkləyəcək və Azərbaycanın da bu kimi Avropa dəyərlərinə inteqrasiyasının önəmini vurğulayacaq.

4.5. Ekologiya və ətraf mühitin qorunması komitəsi

Avropa dəyərlərinə ekologiyanın və ətraf mühitin qorunması da daxildir. Son dövrlər qlobal təbiət dəyişiklikləri səbəbindən bu sahədə fəaliyyətlər gücləndirilib. AAH bu nüansı nəzərə alaraq 2012-ci ildə “Yaşıl Azərbaycan” kampaniyası keçirməyi planlaşdırır. Bu kampaniya çərcivəsində ətraf mühitin qorunması ilə bağlı konfranslar, təlimlər, flaş-moblar və müxtəlif kütləvi fəaliyyətlər keçirməsini nəzərdə tutur.

4.6. İnteqrasiya komitəsi

AAH-nın ən önəmli məqsədlərindən biri də Azərbaycan gəncliyinin Aİ-yə inteqrasiyasını gücləndirmək və Hərəkatın bu məqsədə xidmət edən fəaliyyətləri reallaşdırmaq imkanlarını genişləndirməkdir. Bu baxımdan, təşkilat 2012-ci il üçün iki fəaliyyət istiqamətini prioritetləşdirir:

1)      Aİ-yə üzv olan ölkələrdə milli Avropa Hərəkatı Şuraları ilə əməkdaşlıq:

Bu şuralar öz ölkələrindəki gəncliyin Aİ-yə inteqrasiyası ilə bağlı önəmli təcrübəyə malik olduğu üçün AAH onların bu təcrübəsini aktiv şəkildə öyrənmə kursunu izləyəcək. Buna görə də 2012-ci ildə Avropa Hərəkatının Aİ-nın üzv dövlətlərində olan milli təmsilçilikləri ilə müəyyən tədqiqat və çalışmalar, bu ölkələrə təlim səfərləri, eləcə də onlarla sosial şəbəkələşmə və digər tədbirlər həyata keçiriləcək, həmin təşkilatlarla memorandumlar imzalanacaq.

2)      Azərbaycan gənclərinin Avropaya inteqrasiyası

AAH-nın Azərbaycanda Avropaya inteqrasiyanı təşviqi üçün öz imkanlarını eyni zamanda yuxarıdakı fəaliyyətlə gücləndirməsində məqsəd xüsusilə Azərbaycan gəncliyinin Avropaya inteqrasiyası üçün, onların Avropa ölkələrindəki bu hərəkatlarda Avropa təcrübəsi qazanması üçün geniş imkanlar yaratmaqdır. Bununla AAH həm də Avropa və Azərbaycan gəncləri arasında qarşılıqlı öyrənmə, anlaşma və dialoq üçün əlverişli şərait də yaradacaq.

Eyni zamanda, Azərbaycan gəncləri Şərq Tərəşdaşlığı proqramının onlar üçün hansı imkanları təqdim etməsi barədə məlumatlılığı aşağı səviyyədədir. Buna görə də AAH onları bu proqram haqda məlumatlılığını artırmaq komitənin bu istiqamətdəki işi üçün bir prioritet olacaq.

AAH-nın əsas məqsədi inteqrasiyanın gerçəkləşdirməkdir. Bunu da üç başlıq altında gerçəkləşdirmək niyyətindədir.

  1. Avropa Birliyinə İnteqrasiya:

Avropa Birliyi tərəfindən qəbul edilmiş aktların öyrənilməsi və ölkəmizdə təbliği istiqamətində 2012-ci ildə mütəxəsislərin iştirakı ilə elmi konfrans təşkil olunacaq. Bununla yanaşı Beynəlxalq Avropa Hərəkatı 2012-ci ildə Təlim Akademiyasının üç sessiyanı təşkil edəcək ki, AAH sessiyaların üçünə də tələbələr göndərməyi planlaşdırır.

2.  Avropanın qabaqcıl ölkələri ilə əməkdaşlıq:

Avropa Birliyinə daxil olan ölkələrdə mövcud olan yerli Avropa Hərəkatının nüməyəndəlikləri ilə əməkdaşlığın gücləndirilməsi təcürübənin artırılması üçün çox vacibdir.  2012-ci ildə müxtəlif səfərlər və virtual dialoqlarla digər ölkələrdə mövcud olan Avropa Hərəkatları ilə müvafiq memorandumların imzalanmasına can atılacaq. Bu da öz növbəsində mədəniyyətlər arası dialoqun inkişafına xidmət edəcək. 2012-ci ildə AAH-ı Beynəlxalq Avropa Hərəkatına tamhüquqlu üzv olmağa çalışacaq. Bunun üçün müvafiq səfərlər reallaşdırılması, lazımi sənədlərin hazırlanaraq təqdim edilməsi və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi planlaşdırılır.

5. SON

Azərbaycan Avropa Hərəkatı 2012-ci ildə öz fəaliyyətini bu proqram əsasında qurmaqla yanaşı, həm də növbəti illər üçün göstərəcəyi fəaliyyətə zəmin yaranacaq. Fəaliyyət Proqramı ilə yanaşı, Hərəkat Nizamnaməsindən, Əsasnaməsindən və Manifestindən irəli gələn məsələlərdə də fəaliyyətini davam etdirəcək.

Beynəlxalq konvensiyalar, Azərbaycan Respublikasının qanunları və Beynəlxalq Avropa Hərəkatının standartları AAH üçün hüquqi baza təşkil edir.

Comments are closed.