Azərbaycan Avropa Hərəkatının rəsmi vebsaytı

Nizamnamə

AZƏRBAYCAN AVROPA HƏRƏKATI

NİZAMNAMƏ

  1. ÜMUMİ MÜDDƏLAR

1.1. “Azərbaycan Avropa Hərəkatı” İctimai Birliyi (bundan sonra – Birlik adlandıralacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllü, demokratiklik, şəffaflıq, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan icimai qeyri-hökumət təşkilatıdır və fəaliyyət dairəsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları, həmçinin bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçirildiyi andan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri var.

1.4. Birliyin yerləşdiyi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 17, mənzil 34

         2.BİRLİYİN MƏQSƏD VƏ  VƏZİFƏLƏRİ

2.1. Birliyin fəaliyyətinin əsas məqsədi Azərbaycanın Avropaya inteqrasiyasının gücləndirilməsinə dəstək göstərməkdir.

2.2. Birlik qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

  • İnsanlar, icmalar və dövlətlər arasında anlaşma və əməkdaşlığın gücləndirilməsi;
  • Mədəniyyət, iqtisadiyyat, azad informasiya sahələrində dəyərlərin təşviq edilməsi;
  • İnsan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının, habelə, ifadə və vicdan azadlığının qorunması;
  • Azad rəqabətin yaradılması, ayrı-seçkiliyin aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsi;
  • Qanunun aliliyinin təmin edilməsi, dövlət hakimiyyətinin demokratik prinsiplərə uyğun formalaşdırılmasına yardım göstərilməsi;
  • Azərbaycanda siyasi, iqtisadi və ictimai inkişafı, habelə bununla bağlı islahatları dəstəkləmək və yardım göstərmək;
  • Gənclərin təhsilinə və ixtisas artımasına, cəmiyyətin siyasi maariflənməsinə dəstək vermək.
  • Gender bərabərliyinin təmin edilməsi sahəsində müxtəlif maarifləndirici tədbirlər təşkil etmək;
  • Birlik üzvlərinin peşə və ixtisasının artırılması, onların müxtəlif sahələrdə bilik və bacarıqlarını   təkmilləşdirmək;
  • Qadınlarının, uşaqların, qaçqın və məcburi köçkünlərin, müxtəlif aztəminatlı əhali qruplarının problemlərinin həlli üçün işçi qruplar yaratmaq, sorğular keçirmək, təhlillər aparmaq;
  • Qanunvericiliyin təkmilləşdirilməsi, qanun və digər normativ hüquqi aktların, beynəlxalq konvensiyaların ictimai müzakirəsini təşkil etmək, onların icrasının monitorinqini aparmaq;
  • Yerli özünüidarəetmə, icra,  qanunvericilik və məhkəmə  hakimiyyətləri, yerli və beynəlxadq təşkilatlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmək;

2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi üçün Birlik:

  • Müxtəlif seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirmək;
  • Məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yaymaq, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis etmək;
  • Qanunla qadağan olmayan digər fəaliyyət növləri və formalarını bu Nizamnamədən  irəli gələn başqa vəzifələri həyata keçirə bilər.

2.4. Birlik Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

           

           3.BİRLİYİN HÜQUQLARI

3.1. Birlik aşağıdakı hüquqlara malikdir:

  • Öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
  • Fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
  • Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
  • Müxtəlif beynəlxalq qeyri hökumət təşkilatlarına qoşulmaq, könüllülük prinsipi əsasında birləşmək, ittifaq yaratmaq, hüquqi şəxslərin ittifaqının yaradılmasında iştirak etmək, bele ittifaqlara qoşulmaq;
  • Banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
  • Müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
  • Qanunvericiliklə qadağa edilməyən və Nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

           

  1. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, invertarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminaitı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

  • Təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
  • İdarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri;
  • Səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;
  • Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
  • Qrantlar;
  • Sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
  • Təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;
  • Qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.

4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.

           

  1. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.

5.2. Birliyin təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.

5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birlyiyn üzvləri hesab olunurlar.

5.4. Birliyə üzvlük İdarə Heyəti tərəfindən həyata keçirilir. Birliyin üzv olmaq istəyən şəxs İdarə Heyətinə ərizə ilə müraciət edir. Ərizəyə təqdim edildiyi gündən 1 ay müddətində baxılır və  İdarə Heyəti üzvlərinin yarıdan çoxu müsbət münasibətini bildirdikdə, ərizəçi Birliyin üzvü qəbul edilir.

5.5. Birliyin üzvləri öz aralarında bərabər hüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:

  • Bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
  • Birlyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
  • Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
  • Birliyiyn rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
  • Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
  • Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.

5.6. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

5.7. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

  • Birliyin Nizamnaməsinə əməl etmək;
  • Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
  • Nizamnamə tələblərinə riayət etmək;
  • Birliyin tədbirlərində iştirak etmək.

5.8. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

5.9. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

  • Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
  • Birliyin üzvlüyündən çıxarıldıqda.

5.10. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

  • Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
  • Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
  • Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.

5.11. Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.

5.12. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.

           

  1. BİRLİYİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI

6.1. Birliyin ali orqanı  ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

6.2. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

6.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

6.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:

  • Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
  • Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
  • Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
  • İllik hesabatın təsdiq edilməsi;
  • Başqa təşkilatlarda iştirak;
  • Birliyin yenidən təşkili və ləğv edilməsi;
  • Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.

6.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

6.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.

6.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.

6.8. İcra orqanı- Birliyin Prezidenti və digər şəxslərdən ibarət olan İdarə Heyətidir. İdarə Heyətinin say tərkibi Ümumi Yığıncaq tərəfindən müəyyən edilir.

6.9. İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:

  • Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
  • Birliyin Komitə və şöbələrini yaradır, onların rəhbərlərini təyin edir;
  • Prezidentin təqdimatı ilə Birliyin baş katibi və vitse prezidentlərini təyin edir;
  • Təkliflər və layihələr irəli sürür;
  • Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
  • Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.

6.10. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdiklə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

6.11. Birliyin Prezidenti və İdarə Heyətinin digər üzvləri Birliyin Ümumi Yığıncağı tərəfindən 3 (üç) il müddətinə seçilir.

6.12. Prezident:

  • Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
  • Vitse prezidentləri təyin edir;
  • Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.

6.13. Birliyin Prezidenti ol­ma­dıq­da, onun sə­la­hiy­yət­lə­ri­ Vitse prezident tərəfindən hə­ya­ta ke­çi­rilir.

6.14. Birliyin Nəzarət-Təftiş Komissiyası (NTK) Birliyin seçkili orqanlarının, vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir.

6.15. NTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən edilir.

6.16. NTK-nın səlahiyyət müddəti 3 (üç) ildir.

6.17. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.

6.18. NTK-nın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
6.19. NTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul edilir. NTK-nın qərarları onun lehinə iştirak edən üzvlərinin yarıdan çoxu səs verdikdə qəbul edilmiş sayılır.

6.20. Birliyin üzvləri İdarə Heyəti və ya Birliyin prezidenti səlahiyyət verdikdə  Birliyin adından çıxış  edə bilər.

             

  1. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7.2. Birliyin ləğv edilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

Comments are closed.